Home / Ana səhifə / “Kapitan Nağdəliyev” gəmisi Beyrut limanından buraxılmır

“Kapitan Nağdəliyev” gəmisi Beyrut limanından buraxılmır

“Partlayışda xəsarət almışıq, şirkət bizi unudub“

“Palmali” şirkətlər qrupuna məxsus “Kapitan Nağdəliyev” gəmisinin heyət üzvləri aylardır Beyrut limanında qalıb. Beyrutda baş verən partlayış nəticəsində gəmiyə zərər dəydiyi, 10-u Azərbaycan, ikisi Rusiya vətəndaşı olan heyət üzvləri arasında xəsarət alanların olduğu bildirilir.

Bu barədə Meydan TV-yə gəmi kapitanının baş köməkçisi Emin Abışov məlumat verib. Onun sözlərinə görə, mayın 12-də Rostovdan Livanın Beyrut limanına gəliblər. Yüklər boşaldılandan sonra gəmiyə Livan məhkəməsi tərəfindən həbs qoyulduğu məlum olub. Səbəb “Palmali” şirkətinin Estoniya şirkətinə yanacağa görə 252 min dollar dəyərində borclu olmasıdır.

“Livanda Miqrasiya Xidməti tərəfindən sənədlərimiz, o cümlədən pasportumuz əlimizdən alındı, girov götürüldük. 3 aydır quruya ayağımızı qoya bilmirik”, -Abışov deyib.

Emin Abışov söyləyib ki, şirkət tərəfindən aldadılıblar: “Heyət üzvləri arasında eləsi var ki, 6 ay, bəziləri isə 13 aydır maaş almır. Gəmi kimyəvi maddələr daşıyır. Partlayış zamanı xoşbəxtlikdən sağ qaldıq. Mənim özüm də olmaqla bir neçə nəfər xəsarət aldı. Limanda müxtəlif ölkələrdən gələn, üzərinə həbs qoyulmuş daha 5 gəmi var. Digər gəmilərdə ölənlər oldu. Aylardır ailələrimiz nigarandır, biz də burada əzab çəkirik”.

Şikayətçi deyib ki, şirkətin gəmi heyətinə 250 min dollar yaxın maaş borcu yaranıb. Bundan əlavə, gəminin dayandığı limana gündəlik 1750 dollar ödənilməlidir, şirkət üstəlik 150 min dollardan artıq bu limana borcludur:

“Şirkət bizi yaddan çıxarıb. 2-3 gün işıqsız qalırıq, sonra bir az yanacaq verirlər, yemək bitir, üstündən günlər keçir, sonra ərzaq gətirirlər. Burada əzab çəkirik. Dövlətimiz Livana maliyyə yardımı ayırıb. Əminik ki, dövətin bizim vəziyyətimizdən xəbəri yoxdur. Biz güclü radiasiya almışıq”.

Kapitan köməkçisi deyib ki, bir neçə gün əvvəl şirkətlə əlaqə saxlayıblar. Amma yenə də müsbət cavab ala bilməyiblər:

“Gəmi Livan məhkəməsi tərəfindən həbs edilib. Körpə qızım var, ailəm 6 aydır kirayə pulunu ödəyə bilmir. Mən necə əliboş geri qayıda bilərəm? Ötən il “Palmali” şirkətinin digər gəmisində çalışmışam. Gəmidən mənə maaş ödənilmədi, borclu qalıbar. Buna görə də təkrar işlədim, işdən çıxa bilmirəm, əks halda gecikdirilmiş maaşımı ala bilməyəcəm. Tək mənə 7 aydır maaş verilmir. Hər dəfə deyirdilər ki, səfərə çıxın, maaşlarınız veriləcək. Beləliklə. bir neçə ay keçdi, 3 aydır da həbs olunmuşuq. Səfirliyə müraciət etmişik, vəkil tuturlar ki, məhkəməyə verək. Amma yenə də maaşsız qalırıq”.

Kapitan köməkçisinin aylıq əməkhaqqı 3500 dollardır. Bütün heyətin 1 aylıq maaşı isə 30 min dollardır.

Abışov heyət üzvlərinin adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək köməklik göstərmələrini xahiş edib.

“Palmali” Şirkətlər Qrupu azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsusdur. İş adamı bu il martın 15-də həbs olunub.

Şirkətin Mətbuat Xidmətinin rəhbəri Fidan Quliyeva Meydan TV-yə deyib ki, Livanın paytaxtı Beyrutda baş vermiş partlayış zamanı “Palmali Holding” şirkətinə məxsus “Kapitan Nagdaliyev” gəmisi limanda olub. Xoşbəxtlikdən partlayış nəticəsində gəmi heyətindən xəsarət alan olmayıb. Şirkət rəhbərliyi heyət üzvləri ilə mütəmadi əlaqə saxlayaraq son məlumatları alır:

“Bəzi mətbuat organlatında “Kapitan Nagdaliyev” gəmisi ilə bağlı yanlış məlumatlar yayılır. Xəbər verilir ki, guya şirkət gəmini və onun komandasını atıb. Ekipajı da girov saxlayıb. Bu, tamamilə yalandır. Biz hazırda maddi çətinliklər yaşadığımızı inkar etmirik. Dünyada tuğyan edən iqtisadi böhran, üstəlik, məlum hadisələr “Palmali Holding”i ciddi maddi və mənəvi sınaqlarla üz-üzə buraxıb. Problemləri həll etmək, öhdəlikləri yerinə yetirmək üçün şirkət rəhbərliyi əlindən gələni edir. Onu da bildiririk ki, ekipaj qarşısında öhdəliklərini yerinə yetirə bilməyən və böhran yaşayan şirkət yalnız “Palmali Holding” deyil. “Palmali” olaraq bəyan edirik ki, biz məsuliyyətimizi dərk edir və problemləri həll etmək istigamətində tədbirlərimizi davam etdiririk. Əminik ki, yaranan çətinliklər müvəqqətidir. Biz heç bir gəmimizi tərk etmədik və etmək niyyətimiz də yoxdur. Belə olsa idi, may ayından Beyrut limanında dayanan gəmi heyətimiz nə yeyib, nə içərdi? Ekipaj üzvlərinin ehtiyacları ödənilir. Gəmiçilərimizin ailə üzvlərindən təmkinli olmalarını və bizə güvənmələrini xahiş edirik”.

Fidan Quliyeva deyib ki, “Palmali” 20 ildən çoxdur fəaliyyət göstərir və hər zaman gəmiçilərə ən yüksək maaş verib:

“Hər zaman azərbaycanlı gəmiçilərlə işləməyi üstün tutub, onlara iş imkanları yaradıb. “Palmali” peşəkar kapitan və gəmiçilər ailəsi yetişdirib. İndi isə, şirkət çətin günlər yaşayır və hər kəsdən anlayışlı olmağı xahiş edir. Bu probləmlər çözüləcək və tez bir zamanda dünya sularında üzən gəmilərimiz və heyətimiz barədə gözəl xəbərlər yayılacaq”.

Həmçinin oxu

Tofiq Yaqublu: Gedin “yuxarılara” deyin ki, üzümüzün suyu töküldü…

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun avqutun 12-də keçirilən məhkəməsi qalmaqallı olub. T.Yaqublunun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir