Home / Ana səhifə / İlham Əliyev: Belə davam edə bilməz

İlham Əliyev: Belə davam edə bilməz

“Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın”

Avqustun 6-da Prezident İlham Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

“46 xəstəxananın 41-i son 17 il ərzində tikilib…”

Ölkə başçısı koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunduğunu deyib və bildirib ki, koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacaqlar:

“Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq. Əlbəttə, bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq”.

Prezident həkimlərin çox böyük əməyi olduğunu qeyd edərək bildirib ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub:

“Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilmişdir. Yüz maşının gətirilməsi nəzərdə tutulur, onlardan 40-ı artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndərilir və göndəriləcək. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib, onlardan 4-ü bir gün ərzində – iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olub. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir”.

İlham Əliyev həkimlərin sayının artırılması ilə əlaqədar çətinliklərin olduğunu söyləyib:

“Ona görə xaricdən həkimlərin dəvət edilməsi məsələsinə baxıldı. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlib”.

“Avqust ayında da onlara 190 manat ödənilsin”

İqtisadi və sosial məsələlərə toxunan Prezident təqribən 5 milyona yaxın insanın geniş sosial paketlə əhatə oldunduğunu bildirib:

“Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda – 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bir ildə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir”.

“Nefti qiyməti 35 dollar olsa belə…”

İlham Əliyev hökumətin büdcədə neftin qiymətinin 55 dollar yox, 35 dollar səviyyəsində götürülməsi təklifini xatırladaraq bildirib ki, bu, Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir:

“Neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək”.

“Bəzən bu nəzarət çox xoşagəlməz hallara gətirib çıxarır”

Prezidentin sözlərinə görə, müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz:

“Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır. İndi bir çox obyektlərdə kameralar var. Bu kameralar gərək bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın. Çünki əgər hansısa insan müfəttiş kimi hansısa obyektə gedib nəyəsə nəzarət edəcəksə, bunun səmərəsi də ola bilər və eyni zamanda, biz bilirik ki, bəzən bu nəzarət çox xoşagəlməz hallara gətirib çıxarır. Hansısa sövdələşmə, hansısa təmənna ola bilər. Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Çünki yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Artıq bu haqda mətbuatda kifayət qədər məlumat var. Demək olar ki, bütün ölkələrdə – harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz”.

“Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq”

Ölkə başçısı iqtisadiyyatda altı ayda cəmi 2,7 faiz aşağı düşdüyünü və burda neftin qiymətinin aşağı düşməsinin də rol oynadığını söyləyib:

“Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

“İsrafçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir”

İlham Əliyev bildirib ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda bu problemlər davam edəcək:

“Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır. Eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir – buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma, necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır – bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir”.

“Bu il turizm sektoru tam tənəzzülə uğrayıb”

Dövlət başçısı deyib ki, bu il turizm sektoru tam tənəzzülə uğrayıb və əlbəttə, bu, məyusedicidir:

“Çünki çox böyük perspektivlər var idi. Ancaq indi yumşalma rejimi çərçivəsində daxili turizmin inkişafı, təşviq edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır, kifayət qədər imkanlar var. Bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz. Çünki xarici ticarət böyük dərəcədə tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir. Onlara edilən güzəştlər, öz mühasibatlığını kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Biz əlbəttə ki, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi. Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi – bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, kölgə mühasibatlığı yaratmamalısınız. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Məhz dövlət şirkətlərinin payı. Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz”.

“Bu nəzarətsizlik bundan sonra davam edə bilməz”

İlham Əliyev SOCAR-ın və digər dövlət şirkətlərinin fəaliyyətinə xüsusi toxunub:

“Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik – yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir. Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, – halbuki dövlət oraya da dəstək verir, – amma dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz”.

“Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır”

Prezident müvafiq qurumların bu istiqamətdə lazımi təkliflər paketi hazırladığını söyləyib:

“Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam. Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik – bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, – əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, – eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq”.

Həmçinin oxu

Tofiq Yaqublu: Gedin “yuxarılara” deyin ki, üzümüzün suyu töküldü…

Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun avqutun 12-də keçirilən məhkəməsi qalmaqallı olub. T.Yaqublunun …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir