Home / Ana səhifə / Qarabağ əlili: Bir əlimdə çəlik, bir əlimdə balta, çır-çırpı doğrayıram

Qarabağ əlili: Bir əlimdə çəlik, bir əlimdə balta, çır-çırpı doğrayıram

Mingəçevirdə Kəlbəcər köçkünü olan müharibə əlilinin evinə gedən qazı borca görə kəsiblər

“Uşaqlar küçələrdən çır-çırpı toplayıb gətirir, mən də doğrayıb, odun peçinə atıram ki, ev bir az isinsin. Yenə xeyri yoxdur”.

Ənvər Abbasov deyir ki, hər gün bir əlindəki çəliyinə söykənib, digər əlindəki baltayla çır-çırpı doğrayır… 1 həftədir ki, Mingəçevirin qaz idarəsi 5 saylı beton zavodunun ərazisində məskunlaşmış Kəlbəcər köçkününün evinə gedən qaz xəttini borca görə kəsib. Ailənin başçısı imkansızlıqdan borcu ödəyə bilmir deyə gücü uşaqların canını çır-çırpıyla qızdırmağa çatır. Ancaq çox vaxt çır-çırpı da kara gəlmir.

Mən dərman ala bilmirəm, bunlar isti evimi soyudurlar

2-ci qrup Qarabağ əlil heç yerdə işləmir. Bəlkə də canı sağlam olsaydı, birtəhər iş tapardı. Ancaq səhhəti əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir. Üz azyaşlı övladı var. İmkansızlıqdan məktəbə göndərə bilmir, bu, bir tərəfə qalsın, xəstələnəndə heç dərmanlarını da ala bilmir. Bir tərəfdən də qış girəndən evə gələn qaz xəttini borca görə kəsiblər. Bu, əlil ailəsinə daha da çətinliklər yaradıb.

“Sağlamlığımı müharibədə itirmişəm, indi də əmək fəaliyyəti ilə məşğul ola bilmirəm. Ailəmi əlillik pensiyamla dolandırıram. Bunun yeməyi, geyimi, dərmanı, həkimi, başqa xərcləri var. Qazpuluna 500 manata yaxın borcum yaranmışdı. 100 manatını birtəhər ödəmişəm, qalanını ödəyə bilmirəm. 1 həftədir ki, gəlib qazı kəsib, gediblər. Dedim, dəyməyin, aybaay əlimə pul düşəndə ödəyərəm. Dedilər, yox, hamısını ödəməlisən… Çıxarıb reseptləri göstərdim ki, uşaqların 130 manatlıq dərmanını ala bilmirəm, bir aydır resepti cibimdə gəzdirirəm… Qulaq asmadılar, qaz xəttini ayırdılar, “get, hamısını ödə, gələk birləşdirək,”- deyib getdilər”.

Uşaqlar qohumların evində gecələyir

Ənvər Abbasov da məcbur olub ki, 7-11 yaşlarında olan üç uşağı qohumların evində saxlasın:

“Gecə düşəndə aparıb qohum evinə qoyuram, səhər gedib götürürəm. Şaxtadır, evin divarları da donub, çır-çırpı evi isitmir. Mən bu uşaqların dərmanına pul axtarıram, bunlar gəlib uşaqları şaxtada istiliksiz qoydu”.

Ənvər Abbasov deyir, qaz idarəsinin rəhbərliyi bundan əvvəl də onun evinə gedən qaz xəttini kəsibmiş:

“Elə bil dövlətin qarşısında qocanı, uşağı soyuqdan öldürmək kimi öhdəlik götürüblər. Elə bil and içiblər ki, ac qalıb ölməyənləri dondurub öldürsünlər… Keçən il fevralda uşaqlardan birinin ad günü idi, gəldilər ki, qazı kəsməliyik. Yalvardım ki, uşağın ad günüdür, balaca süfrə düzəltmişik, etməyin, eləməyin… Dedilər, yox ki yox, ya pulu qoy bura, ya da kəsirik. Kəsib getdilər. 8 ay qazsız qaldıq, üzüqışa apardıq 100 manata yaxın ödədik, gəlib qazı birləşdirdilər. Bax, bir həftədir yenə kəsiblər”.

Elektrik cihazı yandırsam, işığı da kəsəcəklər

Ənvər Abbasov evi elektrik cihazıyla da qızdıra bilmir:

“Sabah işığın pulunu ödəyə bilməyəcəm, gəlib onu da kəsəklər. Neyləyək? Canımızı hara qoyaq? Canımı, sağlamlığımı müharibədə ona görə itirmişdim ki, balalarım gözüm görə-görə soyuqdan donub ölsün? Hökumət xarici ölkələrə qazı öz vətəndaşına sardığından qat-qat ucuz satır, hələ pulsuz bağışladığı da olur. Ancaq öz əlilini soyqdan dondurur. Öz müharibə əlilinin körpələrinin göz yaşına baxmır. Mənim uşaqlarımın soyuqdan əl-ayaqları donur. Sağalmamış, xəstəliklərinin üstünə xəstəlik gəlir”.

Qaz idarəsi: “Təəssüf ki, dövlətin belə imtiyazları yoxdur”

Tərtər Regional Qaz-İstismar İdarəsinin Mingəçevir Xidmət Sahəsindən bildirilib ki, Ənvər Abbasova dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, uzun müddətdir ki, qaz sərfiyyatına görə yığılmış borcu ödəmir. İki ay əvvəl borcun bir qismini ödəyəcəyinə söz versə də, yenə ödəniş eləməyib. Bu səbəbdən də yaşadığı ünvana gedən qaz xətti kəsilib:

“Kimdə imkan var ki? Ancaq bu, səbəb deyil ki, dövlətin qazını işlədib, pulunu ödəməyəsən. Müharibə əlilidir, Allah canını sağ eləsin, vətən üçün döyüşüb, torpaq üçün döyüşüb. Təəssüf ki, dövlətin belə imtiyazları yoxdur. Heç olmasa bir hissəsini ödəsin ki, qaz xətti də bərpa olunsun,” – qaz idarəsindən deyilib.

Həmçinin oxu

Diplomu rektordan oynayaraq alan məzun DANIŞDI

Bakı Ali Neft Məktəbinin tələbəsi Şaiq Məmişovun “Məzun günü”ndə rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir