Home / Ana səhifə / Erkin Qədirli: 17 yanvar qətnaməsi sıradan bir sənəddir

Erkin Qədirli: 17 yanvar qətnaməsi sıradan bir sənəddir

”Azərbaycan təşkilatın üzvü olmadığından qətnamənin hüquqi qüvvəsi yoxdur”

Avropa Parlamenti yanvarın 17-də “Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” – 2019/2511 saylı qətnamə qəbul edib.

Sənəddə deyilir ki, Avropa Parlamenti demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Azərbaycan üzrə əvvəlki qətnamələri, hərtərəfli saziş üzrə Aİ-Azərbaycan danışıqları, həmçinin Avropa Şurası insan hüquqları komissarının və İnsan Hüquqları Komitəsinin, Avropa Şurasının bloger Mehman Hüseynovun işi bəyanatlarını diqqətə alır.

Bununla əlaqədar Avropa Parlamenti blogerin təqib olunmasını, onun iki illik cəzasının daha 5-7 il uzadılması məqsədilə yeni uydurma ittihamların irəli sürülməsini pisləyir.

Avropa Parlamentinin sənədində fəallara (Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə), jurnalistlərə (Xədicə İsmayıl) qarşı repressiyalara, vəkillərin hüquqlarının pozulmasına, qanunvericiliyə mürtəce düzəlişlər, Azadlıq Radiosu da daxil olmaqla, müstəqil KİV-in fəaliyyətinin bloklanması, həmçinin AİHM-in qərarı ilə müxalifətçilərə və jurnalistlərə kompensasiya ödənilməsindən hakimiyyətin imtina etməsinə dair faktlar sadalanır.

ReAL sədrinin beynəlxalq məsələlər üzrə müavini Erkin Qədirli deyir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı əvvəlki illərdə də oxşar sənədləri olub. Həmin sənədlərdə də önəmli adlar çəkilib. Konkret olaraq, İlqar Məmmədov, İntiqam Əliyev, Anar Məmmədli, Xədicə İsmayıl və başqalarının adları:

“Onların dərhal buraxılması tələb olunub. Avropa Komissiyasına şərtlər təklif edilib ki, Azərbaycanla danışıqlarda irəli sürsün. Bu mənada 17 yanvar qətnaməsi sıradan bir sənəddir. Çünki Azərbaycan təşkilatın üzvü olmadığından qətnamənin hüquqi qüvvəsi yoxdur. Sadəcə, siyasi-mənəvi çəkisi ola bilər. Bu qətnamə Avropa Komissiyasına tövsiyyədir. Sənəddə də qeyd olunur ki, Bakı ilə danışıqlarda göstərilən bəndləri tələb etsin”.

E. Qədirli deyir ki, ona görə Avropa Birliyi daxilindəki konyukturaya baxmaq lazımdır. Mayda seçkilər keçiriləcək:

“Əvvəlki qətnamələrdə 17 yanvardakı qədər səs çoxluğu olmamışdı. Güman ki, may seçkilərinin də təsiri var. Ümumiyyətlə, bir neçə maraq üst-üstə düşüb. Əgər maya qədər Bakı Brüssellə strateji anlaşmanı imzalamasa, yəqin ki, bu il sənəd imzalanmayacaq. Çünki mayda seçkilər keçiriləcək, yayda tətildir, payızda yeni parlamentin iç qurumları formalaşacaq. Bu amilin özü göstərir ki, hökumət daxilində sazişin imzalanmasını istəməyənlər var, elə onlar prosesin uzanmasında maraqlıdırlar. Şübhəsiz ki, Bakı ilə Brüssel arasında sazişin imzalanmaması Moskvanın xeyrinədir”.

Erkin Qədirli düşünür ki, Avropa Parlamentinin 17 yanvar qətnaməsi Mehman Hüseynova qarşı yeni cinayət işi ilə əlaqədardır. Bununla da Avropa Parlamentinin qətnaməsinin əsas sponsoru Azərbaycan hökumətidir:

“Nə qədər qəribə səslənsə də. Təəssüf ki, Mehman Hüseynova qarşı yeni cinayət işi açıldı, halbuki, ehtiyac yox idi, martda buraxılsaydı, nə olacaqdı?!”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə öz bloqunda diqqəti qətnamənin əleyhinə səs verənlərin siyasi kimliyinə yönəldib:

“İştirak edən deputatlardan isə nə az, nə çox 533 nəfər (89 faiz) qətnamənin lehinə səs verib. İndiyədək Azərbaycanla bağlı qəbul edilmiş heç bir sənədə bu qədər çox sayda deputat qatılmamışdı. Qətnamənin əleyhinə səs verənlər, o cümlədən, bitərəf qalanlar cəmi 11 faiz olsa da, onların kimliyinə diqqət yetirmək vacibdir. Beləliklə, sənədin əleyhinə səs vermiş 28 nəfərdən 17 nəfər Avropa Millətlər və Azadlıqlar (Europe of Nations and Freedom) siyasi blokunu təmsil edir. AMA-nın tərkibində isə Avropanın sağ-millətçi partiyaları birləşib. Məsələn, bu fraksiyanın əsasını fransalı millətçi Marine Le Penin Milli Yürüş Partiyası (keçmiş Fransa Milli Cəbhəsi) üzvləri təşkil edir”.

Anar Məmmədli
Anar Məmmədli

A.Məmmədli deyir ki, hazırda fraksiyanın AP-da cəmi 35 üzvü var. Onların 50 faizi Mehman Hüseynovla bağlı qətnamənin əleyhinə səs verib:

“Qətnamənin əleyhinə səs verən deputatların ölkələr üzrə təsnifatı da maraq doğurur. Sözügedən 28 nəfərin 14 nəfəri Fransanı, 3 nəfər Böyük Britaniyanı, 3 nəfər Holandiyanı, 3 nəfər isə Yunanıstanı təmsil edir. Səsvermədə bitərəf qalan 36 nəfər arasında isə 16 nəfər populist avroskeptik qrupu – Avropa Azadlıq və Birbaşa Demokratiya (Europe of Freedom of Direct Democracy) blokunu təmsil edir. Bu qrupun əsasını isə Britaniyanın populist Müstəqillər Partiyası təşkil edir və partiya Avropaya inteqrasiyaya qarşı çıxışları ilə tanınır. Beləliklə, qətnamənin qəbuluna Avropanın nüfuzlu siyasi qüvvələrindən mühafizəkar, liberal-demokrat, sosialist və yaşılları təmsil edən deputatlar yüksək dəstək veriblər”.

A.Məmmədli sənədin əleyhinə səs verənlər barədə də yazıb. Deyir, onlar ifrat sağ-millətçi və populist qruplardır. Əslində hakimiyyət təmsilçilərinin istər əlacsızlıqdan, istərsə də digər məchul səbəblərdən Avropa Parlamentindəki siyasi azlıqlar, populist və marginal siyasi qruplarla işbirliyi qurması ciddi uğursuzluqdur:

“Göründüyü kimi, hakim siyasi qüvvə hazırda Avropanı miqrantların üzünə qapatmaq istəyən, Fransa və Böyük Britaniya kimi ölkələrdə milli-dini ayrı-seçkiliyi təbliğ edən siyasi qruplarla işbirliyindədir. Bu cür işbirliyi sayəsində YAP-çıların bundan sonra Azərbaycanın milli maraqlarını bu ölkələrdə yüksək səviyyədə təmsilçiliyi şübhə doğurur”.

Azərbaycanın Avropa Şurası nümayəndə heyətinin sədri Səməd Seyidov modern.az-a açıqlamasında deyib ki, Avropa Parlamentinin və

Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunması öz əksini tapıb. Yəqin ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələr, yəni, münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər:

“Ancaq gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub. Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki, bu gün Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Bu, kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir”.

Səməd Seyidov
Səməd Seyidov

Səməd Seyidov qətnamənin ikili standarların təzahüründən doğduğunu düşünür:

“Bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir. Əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclis ilə Avropa Parlamenti arasındakı konstruktiv əməkdaşlıq davam etdiriləcək”.

Həmçinin oxu

Azərbaycanda səkkiz can alan qəza ilə bağlı TÜKÜRPƏDƏN FAKTLAR: 270 km yolu 1 saata gedib – VİDEO

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub. MusavatXeber Baku …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Watch Dragon ball super