Home / Ana səhifə / Cəbhəçilərə “bandotdel”də verilən işgəncələr məhkəmədə açıqlandı

Cəbhəçilərə “bandotdel”də verilən işgəncələr məhkəmədə açıqlandı

Babək Həsənov: “Tok buraxan kimi yıxıldım, biri ayaqlarımın, biri də belimin üstünə çıxdı”

“Bizə verilən işgəncə metodları əsasən, yerə yıxıb, belimdə xəsarət olan hissəni, boynumu təpikləmək, bədənimizə tok verməkdən ibarət idi…”

Bunlar Qarabağ qazisi, AXCP Ali Məclisinin həbsdə olan üzvü, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənovun sözləridir. O bu sözləri yanvarın 15-də məhkəmədə ifadə verərkən danışıb.

Babək Həsənov və daha dörd nəfərin – AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli, Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Yanvarın 15-də məhkəmədə vəkillər Saleh Rüstəmlinin ittihamda yazıldığından fərqli olaraq, qardaşı və onun həyat yoldaşıyla birlikdə olarkən saxlandığını bildirərək, onların əlavə şahid qismində dindirilməsi, Vidadi Rüstəmlinin ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar. Vəsatətlərin heç biri təmin olunmayıb.

Vəkillər deyiblər ki, istintaq çoxdan başa çatıb, artıq məhkəmə gedir, hələ də təqsirləndirilən şəxslərin yaxınlarıyla görüşmək hüququ məhdudlaşdırılır. Hakim bildirib ki, məhkəmənin hazırlıq iclasından bir gün sonra Bakı istintaq təcridxanasına məktub göndərib, onların telefon danışığı və görüş hüququ ilə bağlı məhdudiyyətin aradan qaldırılması istənilib.

İTTİHAMDA 770 MİN MANATDAN SÖHBƏT GEDİR

Daha sonra prokuror Əli Əliyev ittiham aktını elan edib. İttihamda təqsirləndirilən şəxslərlə yanaşı, AXCP sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, partiya fəallarından Eltac Əlisoy və başqalarının adları hallanır. Onların mütəşəkkil dəstə yaradıb, cinayət yoluyla əldə olunan pulları leqallaşdırdıqları iddia olunur. İttihama əsasən, Saleh Rüstəmli qardaşı oğlu və digər təqsirləndirilən şəxslər vasitəsilə pullar göndərib. İttihamda ümumilikdə 770 min manatdan söhbət gedir.

Saleh Rüstəmli və qardaşı oğluna əlavə narkotik ittihamı da verilib.

Məhkəmə önünə çıxarılan şəxslərin heç biri özünü təqsirli bilməyib. Onlardan yalnız Babək Həsənov ifadə verib. İlk növbədə hakimlərdən məhkəmənin daha böyük zalda keçirilməsini istəyən Babək Həsənov deyib ki, daha çox adama bu məhkəmə prosesində iştirak edib, həqiqəti öz gözü ilə görməyə şərait yaradılmalıdır.

Babək Həsənov deyir ki, taksi fəaliyyətilə ailəsini dolandırır. Mayın 25-də metronun “Nərimanov” stansiyasının yaxınlığındakı binalardan birinin həyətində sərnişini düşürəndən sonra iki maşından düşən 7-8 nəfər mülki geyimli ona hücum edib.

Dörd nəfər avtomobilə daxil olaraq, onu çıxarıb, öz maşınlarından birində əyləşdirib. Bir qədər gətirəndən sonra metronun yaxınlığında təxminən 15 dəqiqə saxlayıb, kiminləsə danışıblar. Sonra deyilib ki, Yeni Günəşli qəsəbəsinə – yaşadığı evdə axtarış aparmağa gedirlər:

“Mənim maşınımı da başqa biri sürürdü. O maşın indi də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyətindədi. Günəşliyə çatanda qəsəbənin müxtəlif yerlərində 10-15 dəqiqə dayandılar. Yenə kimlərləsə danışırdılar. Mən etiraz edirdim ki, vəkil olmasa, axtarışa imkan verməyəcəm. Günəşlidə bir xeyli vaxt keçirəndən sonra məni idarəyə gətirdilər. Sonradan bilmişəm qəsəbədə vaxt keçirdikləri müddətdə bizim evdə axtarış gedibmiş”.

Babək Həsənovun sözlərinə görə, idarədə ondan telefonunu açmaq üçün kodu istəyiblər, o isə verməkdən imtina edib. Deyib ki, ancaq vəkilinin iştirakıyla telefonuna baxış keçirilməsinə icazə verəcək:

“Məni bir otağa apardılar, 7-8 nəfər mülki geyimli vardı. Bir-birini adlarıyla çağırmırdılar ki, bilməyək. Otaqda xüsusi işgəncə aparatları vardı. Əllərimi qandallamışdılar, biri baş barmaqlarıma “şnur” bağladı. Dedilər ki, “sənə göstərəcəyik burada kodu verməmək, danışmamaq necə olur”. Bunlara göstəriş verənlərdən biri müstəntiq Sənan Paşayev idi”.

“TOK BURAXAN KİMİ YIXILDIM”

Babək Həsənov deyir ki, ikinci qrup Qarabağ əlili, onurğasında problem olduğunu həmin vaxt onlara deyib. Amma nəzərə almayıblar. Barmaqlarına bağlanan naqilə cərəyan buraxıblar: “Tok buraxan kimi yıxıldım, bir nəfər ayaqlarımın, biri də belimin üstünə çıxdı. Eyni zamanda, hərəsi təxminən 3 dəqiqə olmaqla, 5 dəfə tok verdilər. Hər dəfəsindən sonra soruşurdular ki, danışacaqsan? “Yox” cavabından sonra davam etdirirdilər. Axırıncıdan sonra biri dedi ki, “toku artırın, qoy ürəyi partlasın”. Artıranda sanki beynim, damarlarım dağılırdı. Ona görə məcbur olub telefonun kodunu verdim…”

Təqsirləndirilən AXCP funksioneri deyir ki, Vidadi Rüstəmlidən zərfin içində pul alıb Əli Kərimliyə çatdırması, həmin vəsaitlərin partiyanın maliyyələşməsinə sərf olunması barədə ifadələrə də işgəncə altında imza atıb:

“Saleh Rüstəmlini ilk dəfə Cəmil Həsənlini Gədəbəyə deputat yoldaşı Nizami Quliyevin övladının toyuna aparanda orada görmüşəm, heç kim olduğunu da bilməmişəm. Vidadi Rüstəmli ilə üç dəfə görüşmüşəm. Zəng eləyib, 500, 600 və 500 olmaqla, cəmi 1600 manat üç dəfə pul götürüb Əli Kərimliyə çatdırmışam. Vəssalam”.

Babək Həsənov əlavə edib ki, ona verilən işgəncələrlə bağlı şikayətini yerli məhkəmələr təmin etməyib və iş hazırda Avropa Məhkəməsindədir.

Məhkəmə yanvarın 22-də davam edəcək.

Həmçinin oxu

Səfir: “Türkiyə vətəndaşları üçün vizanın ləğvi münasibətləri daha da inkişaf etdirəcək”

“Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi ölkələr arasında münasibətlərin hərtərəfli inkişafını daha da artıracaq”. Bunu APA-nın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir