Home / Ana səhifə / Azərbaycanda vəziyyət olduqca ağırdır

Azərbaycanda vəziyyət olduqca ağırdır

Beynəlxalq ictimaiyyət bloger Mehman Hüseynova qarşı yeni cinayət işinin qaldırılmasını kəskin tənqidlərə məruz qoyub. ABŞ-ın respublikaçı senatoru Marko Rubio, Avropa Şurasının insan hüquqları üzrə komissarı, AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri, Sərhədsiz Reportyorlar, Pen Amerika və Human Rights Watch təşkilatları bəyanatlarla çıxış edərək, blogerin azad edilməsinə çağırıb. Vaşinqtonda qərargahlanan Freedom House təşkilatının Avropa və Avrasiya üzrə təmsilçisi Mark Behrendt Amerikanın Səsinə müsahibəsində Mehman Hüseynovun işi və Azərbaycanda azadlıqların durumu haqda danışıb.

– Azərbaycanda həbsdə olan anti-korrupsiya blogeri Mehman Hüseynov bildirildiyi kimi, azad edilməsinə bir neçə həftə qalmış yeni ittihamların qaldırılmasına etiraz olaraq aclıq keçirir. Bu ittihamlar onun həbs müddətinin yeddi ilə qədər uzanmasına gətirib çıxara bilər. Müstəqil insan hüquqları təşkilatları bu yeni ittihamları repressiv mühitdə media azadlığına qarşı yeni bir basqı hesab edir. Siz işi izləyirsinizmi? Bu haqda nə bilirsiniz?

– Bu, dəhşətli hadisədir. Göründüyü kimi, bu, bu il ərzində digər jurnalistlər, insan haqları müdafiəçiləri və siyasi məhbuslara qarşı eyni tendensiya baş verir. 2018-ci ildə azad edilmələrinə bir neçə həftə və ay qaldığı gözlənilən şəxslərə qarşı müxtəlif ittihamların qaldırıldığı dörd hal olmuşdu. Mən hesab edirəm ki, bu, dəhşətlidir. Bu, Azərbaycanın avtoritar rejiminin ifadə azadlığı üzərində nəzarət üçün istifadə etdiyi yeni vasitədir. Onların istifadə etmək üçün çox vasitələri var. Bu vasitələrə bildiyiniz kimi ən başda difamasiya haqda qanunvericilik daxildir. Onlar faktiki olaraq insanları dediklərinə görə həbsə salırlar. Bu, heç bir demokratik dövlətdə qəbuledilə bilməz. Bundan başqa yüksək inzibati cərimələr tətbiq etməklə insanları müflis edir, media qurumlarını bağlayır, veb səhifələri bloklayırlar. Bu, bütün siyahıda olan bir vasitədir, amma xüsusilə qəddar vasitəsidir. Xüsusilə də Mehman Hüseynovun işində.

– Mehman Hüseynovun Avropa Şurası Parlament Assambleyasının üzvləri, ABŞ senatoru Marko Rubio, Vaşinqton Post qəzetinin redaksiya heyəti də daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən dəstək verildi. Onlar blogerin azad edilməsinə və ona qarşı ittihamların aradan qaldırılmasına çağırıblar. Beynəlxalq ictimaiyyətin iş kifayət qədər dəstək verdiyini demək mümkündürmü?

 Ümumiyyətlə, beynəlxalq ictimaiyyət dünya boyu insan hüquqları ilə bağlı işlərə heç vaxt kifayət qədər dəstək vermir. Bu, xüsusilə də Azərbaycana aiddir. Buna görə də əlbəttə biz diqqət göstərməliyik. Statistikaya əsasən, ayrı-ayrı işlərə diqqət artdıqca, insanların həbsxanada, ya da saxlanılarkən qarşılaşdıqları vəziyyət yaxşılaşır və bu, ədalətin bərpa olması imkanlarını yaxşılaşdırır. Kifayət qədər diqqət göstərilirmi? Xeyr. Mən bunun kifayət olmadığını hesab edirəm. Sözsüz ki, siyasi yanaşmalar praqmatik olur və belə siyasi yanaşmalar insan hüquqları və azadlıqları üstələyir.

– Müstəqil insan hüquqları və media təşkilatları eyni zamanda Qərb hökumətlərini Azərbaycan rəsmilərinə həbs edilmiş digər jurnalistlər və siyasi məhbusların azad eedilməsini təmin etmək üçün təzyiqləri artırmağa və hətta Azərbaycan hökuməti ilə yüksək səviyyəli strateji razılaşmaları ləğv etməyə çağırır. Onların azad edilməsi üçün nə qədər təzyiq göstərilə bilər?

– Bilirsinizmi, belə bir fikir var ki, təzyiq işləmir. Eləcə də belə bir fikir var ki, Qərb Azərbaycan hökuməti kimi hökumətlərə qarşı təzyiq mexanizminə malik deyil. Mən bu fikirdə deyiləm. Hesab edirəm ki, onlar üçün fərq edir. Onlar bizim onlar üçün fərqi olmadığını nə qədər çox düşünsələr, bizim insan hüquqları müdafiəçiləri və tərəfdarları kimi öz hökumətlərimizdən Azərbaycan kimi ölkələrlə münasibətlərə görə cavabdeh olmasını tələb etmək işini apara bilməyəcəyik. Buna görə də mən inanıram ki, siyasi təzyiq, diplomatik təzyiq, beynəlxalq təzyiqin təsiri var. Bu kifayət qədərdir? Tamamilə aydındır ki, kifayət deyil, çünki Azərbaycanda 130 siyasi məhbus var. Daha artıq təzyiq göstərilməlidir, mən hesab edirəm ki, biz bu vasitəni itirməməliyik. Bunu mümkün olduqca davam etdirməyimizi istərdim.

– Sizin təmsil etdiyiniz təşkilatın keçən il açıqladığı dünya ölkələrində azadlığa dair hesabatını müzakirə etməyimizdən bir il vaxt keçir. Hesabatda Azərbaycanda insan hüquqlarının durumu ciddi tənqid olunurdu. Bir il ərzində hansı dəyişiklikləri qeyd edə bilərsiniz? Hansısa dəyişiklik, ya da inkişaf varmı?

– Mən heç bir inkişaf görmədim. Hesab edirəm ki, Azərbaycanda vəziyyət olduqca ağırdır. Hökumətin insanların azadlığa çıxmasına az müddət qalmış onlara qarşı belə vasitədən istifadə etməyə başlaması vəziyyətin pisləşməsinə daha bir nümunədir. Dünya ölkələrində azadlıq hesabatında reytinq metodologiyasından istifadə edilir və çox vaxt ən aşağı səviyyədə dəyişikliyi göstərmək çətin olur. Çünki bir dəfə siz aşağı həddə düşdükdə vəziyyətin daha da pisləşdiyini göstərmək çətindir. Amma Azərbaycanda olduğu kimi vəziyyətlərdə biz bu haqda yəqin fikirləşməliyik.

– Bəzi müşahidəçilər ABŞ-ın hazırkı administrasiyasının dünya ölkələrində demokratiya və insan hüquqları məsələlərinə prioritet kimi baxmadığını hesab edir. Washington Post qəzetinin redaksiya heyətinin baş məqaləsini kəskin tənqid edən Azərbaycan rəsmisi qəzet haqda “bu, Amerika prezidentinin xalqın düşməni adlandırdığı qəzetdir” deyib. Belə ritorikanın nə qədər təhlükəli olduğunu düşünürsünüz?

– Mənim fikrimcə, belə bir ritorika olduqda zərərlidir. Bizim liderlərimiz, o cümlədən prezident ifadə azadlığı prinsiplərini dəstəkləyib və media şübhəsiz ki, bunun mühüm dayağı olub. Avtoritar hökumətlərin bundan arqument kimi istifadə etməsi təəssüf doğurur. Mən inanıram ki, Birləşmiş Ştatlar insan hüquqları sahəsində əvvəllər də lider olub və liderlik rolunu davam etdirir. Mən Birləşmiş Ştatlar hökumətini insan hüquqları və demokratiyaya və bizə yaxın olan dəyərləri dəstəkləməyə təşviq etmək istəyirəm. Biz lider kimi rol oynamağa davam edə bilərik. Mən Azərbaycan hökumətini siyasi məhbusları, ayrıca olaraq Mehman Hüseynovu azad etməyə çağırıram. Onun durumu ağırdır. Mən bildiyimə görə, onun sağlıq durumu yaxşı deyil. Mən onları bu metoddan istifadə etməyi dayandırmağa çağırıram. Bu, böyük qəddarlıqdır. Mən eyni zamanda, onları Azərbaycanda ifadə azadlığını məhdudlaşdırmaq üçün istifadə etdikləri digər vasitələri nəzərdən keçirməyə və onlardan istifadəni dayandırmağa səslyirəm. Hökumətləri daha yaxşı davranmağa çağırmaqla biz bu dəyərlərin hamımız tərəfindən bölüşdüyü ideyasını daşımağa davam edirik. Biz ehtimal etməliyik ki, dünyadakı hər hansı bir hökumət bu dəyərləri bölüşür. Biz onları bu dəyərlərə görə məsul tutmalıyıq. Mən inanıram ki, biz bu mövzulardan danışanda və hökumətləri məsul tutanda yaxşı inkişaf əldə edə bilərik. Hətta ən qapalı və avtoritar ölkələrdə də onları məsul tutmalıyıq. Onlar bu məsələlərə diqqət verdiklərini deyirlərsə, biz onları bu məsələlərə görə məsul tutmalıyıq.

Həmçinin oxu

Azərbaycanlı mühacirlər bu dəfə 3 alman qəzetinin redaksiyası önünə toplaşdı

”Almaniyalı Jurnalistlərdən Siyasi Məhbuslara Dəstək” kampaniyası davam edir İyulun 18-də “Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir