Home / Uncategorized / AXCP sədrindən Mehman Hüseynovla bağlı yeni çağırış

AXCP sədrindən Mehman Hüseynovla bağlı yeni çağırış

AXCP sədri Əli Kərimli blogger Mehman Hüseynovun müdafiəsi ilə bağlı yeni çağırış edib. AXCP sədrinin feysbuk səhifəsində paylaşdığı çağırışı təqdim edirik:

Mehman Hüseynov mövzusunda açıq söhbət

Dostlar, orası düzdür ki, Mehman Hüseynovun həbsdəykən 2-ci dəfə şərlənməsi cəmiyyətimizi silkələyib, demokratik düşərgəni vahid məqsəd ətrafında xeyli dərəcədə birləşdirib, prosesə yeni-yeni insanlar qoşulub, ictimai qınaq hakimiyyəti küncə sıxıb. Lakin o da düzdür ki, Mehman Hüseynovu və digər siyasi məhbusları xilas etmək üçün cəmiyyət olaraq hamımızın birlikdə etdiklərimiz hələ də azdır. Birlikdə nəzər salaq.
Mehman Hüseynovun aclığı davam etdirdiyi bu 15 gündə nə etmişik? Sosial şəbəkələrdə güclü virtual kampaniya aparılıb, Bakı şəhərində 2 piket cəhdi olub, 7-ci gündür ki, aclıq aksiyası davam edir, Avropada bir neçə etiraz aksiyası olub. Berlində bu gün keçirilən aksiya da çox önəmli idi. Etiraf edək ki, çox deyil. Ancaq hələ cəmisi bu qədər iş xeyli nəticə verib. Əvvəla, beynəlxalq birlik sözünü deməyə başlayıb. AŞ PA və ABŞ senatoru Marko Rubionun ardınca Fransa XİN-i və Böyük Britaniya parlamentariləri Mehman Hüseynova azadlıq tələb etdilər, dünyaca məşhur “The Washington Post” və “Deutsche Welle” Mehman Hüseynovla bağlı məqalə dərc etdi, İlham Əliyevə çox sərt çağırış etdi. Avropa Şurası İnsan Haqları Komissarı və ATƏT-in KİV üzrə nümayəndəsi Mehman Hüseynovun dərhal azad olunmasını istədi. Rejim daxili və xarici təzyiqlər qarşısında xeyli sarsıldı, izahat verməyə, gərginliyi azlatmaq üçün gedişlər etməyə zərurət duydu…
Dostlar, aydın deyilmi ki, biz daha çox etsək, bütün dünya Mehman Hüseynovdan, bizim siyasi məhbuslardan və Azərbaycandakı sülalə rejimindən danışacaq, biz daha kütləvi mübarizə aparsaq, rejim daha çox sarsılacaq, hakimiyyət daxilində mərkəzdənqaçma tendensiyasi və məğlubiyyət ovqatı güclənəcək?
Biz toplum olaraq tez yorulub, ruhdan düşməli deyilik. Hələ nə qədər tədbirlər keçirmək olar. Bakıda, Azərbaycanın rayonlarında insanlar ən müxtəlif qanuni vasitələrlə Mehmana dəstəklərini ifadə edə bilərlər, aclıq aksiyası daha da genişlənə bilər. Avropa və bütün dünyada, daha azad şəraitdə yaşayan həmvətənlərimiz nədən daha kütləvi və daha çoxsaylı aksiyalar keçirməsin? Nədən Mehman Hüseynovun şəkilləri və ona azadlıq şüarları bütövlükdə Azərbaycanı və bütün dünyanı bəzəməsin? İstedadlı gənclərimiz Mehmanın əvəzindən, ya da onun mübarizəsini işıqlandıran onlarla, yüzlərlə videoroliklər, plakatlar hazırlaya bilməzmi? Mən bütün kreativ, yeni texnologiyalardan məharətlə istifadə edən gəncliyi iş başına dəvət edirəm.
Mehman Hüseynovu xilas etməliyik! Həm də unutmamalıyıq ki, Mehman Hüseynov uğrunda mübarizə, hazırda həm də bütün siyasi məhbuslar və hətta ölkənin taleyi uğrunda mübarizədir!

Həmçinin oxu

Millinin keçmiş oyunçusuna ağır cəza verilə bilər

“Azərbaycana qayıtmağıma peşman deyiləm. Mənim Rusiya vətəndaşlığım da var”. MusavatXeber- bildirir ki, bu sözləri Azərbaycan yığmasının keçmiş …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir