Home / Ana səhifə / “Azərbaycan dilinin orfoqrafiya qaydaları” ilə bağlı  düşüncələrim və təkliflərim

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” ilə bağlı  düşüncələrim və təkliflərim

 

AMEA Orfoqrafiya komissiyası ilə Nəsimi adına Dilçilik İnstitutunun yeni orfoqrafiya qaydaları hazırlayıb ictimaiyyətin açıq müzakirəsinə çıxarmasını alqışlayır və bu önəmli işdə dəyərli alimlərimizə uğurlar diləyirik. Bəzən təhriflərə, yaxud yanlış yozmalara yol verilsə də, orfoqrafiya qaydalarına cəmiyyətimizin göstərdiyi maraq və aparılan müzakirələr mahiyyətcə bizi çox sevindirdi. Son əlli ildə ilk dəfə olaraq orfoqrafiya qaydalarına yönəlik belə açıq və geniş müzakirələrin aparılması, çeşidli düşüncələrin irəli sürülməsi olduqca gərəklidir.

Bu açıq müzakirə durumundan yararlanıb biz də bəzi düşüncələrimizi oxucularla bölüşmək və öz təkliflərimizi bildirmək istədik. Öncə bir neçə mühüm məsələyə aydınlıq gətirməyə çalışaq.

 

Dil siyasətimiz və onun strateji hədəfləri

Bəlli bir gerçəklikdir ki, ədəbi dil yalnız kültürəl yox, həm də siyasi-strateji yöndən çox böyük önəm daşıyır. Konkret mövzumuz baxımından yanaşsaq, ədəbi dilin özül daşı olan düzgün yazı (imla, orfoqrafiya) qaydaları müəyyən strateji hədəflərə yönəlik dil siyasəti üzərində qurular və bu qaydalar da, ona əsaslanan orfoqrafiya lüğətləri də həmin dil siyasətini ortaya qoyar. Eyni zamanda, bəlli bir strateji hədəflərə yönəlmiş dil siyasəti dövlətin yürütdüyü siyasətlə, bu siyasətin başlıca strateji yönləri ilə birbaşa bağlı olub, onun tərkib hissəsi kimi özünü göstərər.

Sover dönəmində Rus xalqının “böyük qardaş” statusundan irəli gələn hakim dil siyasəti yürüdülür və xalqımıza aşılanırdı ki, “Rus dili bizim dünyaya çıxış dilimizdir”. Azərbaycan Sovet Dövlətinin dünya dövlətlərii ilə Moskvasız birbaşa siyasi-iqtisadi-mədəni-hərbi vb. əlaqələri mövcud olmadığı kimi, dilimizin də çağdaş dünya dilləri ilə əlaqəsi yalnız Rus dili vasitəsilə mümkün idi. Ona görə də, Sovet dönəmində həm dilimizə keçən alınma sözlərin və yabançı özəl adların düzgün yazılışı üçün, həm də bütövlükdə  orfoqrafiya qaydalarımız üçün Rus dili başlıca qaynaq rolu oynayırdı.

Bəs düzgün yazı qaydalarımızın bugünkü durumu necədir?

Artıq otuz ilə yaxındır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir və hər hansı bir dövlətlə bütün sahələr üzrə birbaşa çeşidli əlaqələr qura bilir. Orfoqrafiya qaydalarımızın mövcud durumu isə heç də bu dövlət müstəqilliyimizə uyğun gəlmir: hələ də Rus dili bizim üçün başlıca mənbə sayılır və hələ də yazımızı Rus dilinin hərflərinə, qaydalarına uyğun tənzimləyirik. İki örnək verək:

İsveçin ikinci böyük şəhərinin adı İsveçcə Göteborg, Rusca Гётеборг yazılır və məhz Rus variantından alınaraq Azərbaycanda bu ad Höteburq kimi göstərilir. Halbuki İsveçcədə g hərfi incə saitlərdən öncə işləndikdə y səsini, qalın saitlərdən öncə (örn.: Gotland) işləndikdə isə q səsini verir. Ruscanı “mənbə dil” kimi götürüb İsveçcənin g samitini Ruscanın г samitinin bizdəki h qarşılığı ilə yazmağa heç bir ehtiyac yoxdur. Elə İsveçcənin özünü qaynaq dil saymalı və bu qaynaq dildəki hərflərin səs dəyərinə uyğun gələn öz hərflərimizi əsas alaraq Göteborg adını Yöteburq, Gotland adını Qotland… yazmalıyıq.

Yaxud Ruscada dil adları isim yox, sifətdir və ona görə də, kiçik hərflə yazılır. Ancaq bizim üçün dil adları sifət yox, varlığı tək olan özəl adlardır və ona görə də, dil (eləcə də tayfa, xalq, millət) adları mütləq böyük hərflə yazılmalıdır: Azərbaycanca, Türkcə, İngiliscə; Rus, Özbək, Tatar, Bayat, Qaşqay vb.

Deməli, indiki dövlət müstəqilliyimiz dönəmində təkcə Rusiya imperiyasının ağalığından yox, həm də Rus dilinin “böyük qardaş” nağılından qurtulmalı və dilimizin dünya dilləri ilə birbaşa əlaqəsini qurmağa yönəlik dil siyasətinə yiyələnməliyik. Çünki artıq Azərbaycan Rusiya imperiyasının bir müstəmləkəsi olmadığı kimi, Azərbaycan dili də Rus dilindən asılı bir dil deyil. Bu gün Rus dilindən hansısa bir sözü alıb işlətməmiz mümkündür, ancaq daha Rus dilini bizim “dünyaya çıxış dilimiz” saya bilmərik və artıq Rus dili bizim üçün vasitəçi dil olma özəlliyini itirmişdir.

 

Qaynaq dil və vasitəçi dil anlayışları

İndiyədək orfoqrafiya qaydalarımızda və dərsliklərimizdə, dilçiliyə aid əsərlərin bir çoxunda “Rus dilindən və Rus dili vasitəsilə Avropa dillərindən alınan sözlər” haqqında ayrıca danışılmış və bu vasitəsilə sözünün nə linqvistik sonuclarına, nə də daşıdığı siyasi-strateji anlama ciddi diqqət yetirilməmişdir. Qaynaq dili yox, vasitəçi dili və onun hərflərinə uyğun səs dəyərlərini əsas götürdüyümüz üçün linqvistik baxımdan dilimizdə nə qədər yabançı adların və alınma sözlərin yanlış yazılışları ortaya çıxmışdır. Göteborg = Yöteburq adının Höteburq kimi uyduruq yazılışına toxunduq. Alınma sözlərdən də bircə örnək verək: İngilis dilində hygiene, Alman dilində Hygiene, Fransız dilində hygiène, İsveç dilində hygien vb. kimi işlənən söz Ruscanın səs dəyərlərinə uyğun olaraq гигиена kimi yazılmış, biz də Rus dilinin г samitinin dilimizdəki səs dəyərinə uyğun g hərfini əsas götürməklə sözü gigiyena formasında ədəbi dilə gətirmişik. Halbuki qaynaq dil əsas götürülsəydi, dilimizdə o sözü higyen kimi yazmalı idik.

Siyasi-strateji baxımdan isə vasitəçi dil anlayışı mahiyyətcə siyasi tabeçiliyi və kültürəl asılılığı ortaya qoymaqdadır. Ona görə də, biz hər hansı bir dilin vasitəçi dil kimi əsas götürülməsini yanlış sayır, dünyaya vasitəçi dilin “gözlüyü” ilə yox, öz dilimizin “gözü” ilə baxmağı daha üstün bilirik. Düşünürük ki, dilimiz  dünyanın heç bir dilindən aşağı deyil və ona görə də, dünyaya çıxış dilimiz hər hansı bir başqa dil yox, məhz öz dilimiz olmalıdır. Sadəcə, diqqət yetirməli və müstəmləkə dönəmindən dilimizdə qalmış kəsir yönləri ortadan qaldırmaq yolunda israrla çalışmalıyıq. Bu kəsir yönlər orfoqrafiya qaydalarımızda da az deyil və aşağıdakı təkliflərimiz də onlardan bəzilərini ortaya qoymaqdadır.

 

Orfoqrafiyamızın prinsipləri

Sözlərin düzgün yazılış qaydaları kimlərinsə şəxsi istəyi ilə yox, bəlli prinsiplər əsasında müəyyən edilir. Hər dil üçün uyğun prinsiplər əsas götürülür və bizim dilimizdə də düzgün yazı qaydalarımız üç prinsipə (fonetik, morfoloji və tarixi-ənənəvi) görə tənzimlənir.

Vurğulayaq ki, Türk kökənli milli sözlərimizin yazılışı ilə tutuşduranda alınma sözlərin və yabançı adların yazılışı daha çox sorun yaratmaqdadır. Ona görə də, alınma söz və adların yazılışında dilimizin yazı qaydalarını tənzimləyən prinsiplərə ayrıca önəm verilməsi olduqca önəmlidir. Bu baxımdan, fonetik prinsip dilimizin düzgün yazı qaydaları üçün çox böyük dəyər daşıyır. Ancaq təbii ki, tarixi-ənənəvi və morfoloji prinsiplər də gözardı edilə bilməz. Örnəyin, tarix boyu ənənəvi olaraq Tiflis kimi işlətdiyimiz adı bir göstərişlə Tbilisi formasında yazmağımız, yəni tarixi-ənənəvi prinsipi “unutmağımız” öz dilimizə qarşı sayğısızlıqdan başqa bir şey deyildi.

Dünən vasitəçi dildən asılı olduğumuz üçün alınma sözlərin və yabançı adların yazılışında daha çox Rus dilinin orfoqrafiya qaydalarını yamsılayırdıq. Bu gün isə çoxsaylı dünya dilləri ilə üz-üzəyik və öz dilimizin sisteminə uyğun prinsiplərimiz əsasında yazı qaydalarımızı vaxtında tənzimləməsək, orfoqrafiyamıza ciddi zərbə vurmuş olacağıq. Dövlət müstəqilliyimizə uyğun dil siyasətimiz və onun strateji özülləri tam sabitləşib oturuşmadığına, dilimizi qorumaq üçün ona-buna satılmaz dil gömrüyümüz hələ yaradılmadığına görə, başqa dil qaydaları asanlıqla yazımıza yol tapır, ədəbi dil standartlarımızı pozub ikilik salır və dilimizi korlayır. Örnəyin, dilimizin qaydaları əsasında doğru yazılışı şou, kafe, sent… kimi olan alınma sözlərin show, cafe, cent… kimi yazılması, “Speys”, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Fridom Haus”… kimi olan yabançı adların “Space”,  “The Washington Post”, “The New-York Times”, “Freedom House”… kimi verilməsi orfoqrafiya qaydalarımızı kiçik düşürməkdən, ayaqlar altına atıb tapdalamaqdan başqa bir şey deyil…

Burada bir-birinə tərs olan iki qayda var:

  1. alınma sözlər və yabançı adlar dilimizin qaydalarına uyğun yazılmalıdır;
  2. alınma söz və yabançı adların qaynaq dildəki yazılışı eynilə bizdə də qorunmalıdır.

Birinci qayda dilimizin orfoqrafiya qaydalarını düzənləyən fonetik prinsipdən irəli gəlir və dilimizdə geniş yayılmış tam aparıcı bir qaydadır.

İkinci qayda tarixi-ənənəvi prinsipə uyğunmuş kimi görünür. Ona görə “uyğunmuş kimi” deyirik ki, gerçək tarixi-ənənəvi prinsip qaynaq dildəki yazılışı deyil, öz dilimizdəki yazılışı bildirir və bizim tariximizdə olan, bizim keçmişdən indiyə sürüb gələn yazı gələnəyimizi ortaya qoyur. Qaynaq dildəki yazılışı olduğu kimi qoruma isə bizim yox, qaynaq dilin tarixi-ənənəvi prinsipinə uyğunluqdur. Qaynaq dilin tarixi-ənənəvi prinsipinə uyğun olmanı qaynaq dili yamsılama prinsipi adlandırır və onu ədəbi dili korlayan bir vasitə hesab edirik.

 

Dilçilik İnstitutuna üç təklifimiz

Ədəbi dilin bitkin bir səviyyəyə yüksəlməsində düzgün yazı qaydalarının cilalanması və normaya salınıb standartlaşdırılması çox böyük rol oynayır. Əslində  standartlaşdırma təkcə ədəbi dil baxımından yox, bütövlükdə millətləşmə sürəci baxımından ciddi önəm daşıyır. Bu önəmi gözə alaraq AMEA Dilçilik İnstitutuna üç ümumi təklif veririk:

  1. Dilçilik İnstitutunda ayrıca bir Orfoqrafiya şöbəsi yaradılsın. Şöbənin vəzifəsi: dünya dillərinin orfoqrafiya qaydalarını araşdırıb öyrənmək və onlardan praktik olaraq yararlanmaq, Azərbaycanda var olan orfoqrafik sorunları müəyyənləşdirmək və onları günlük ictimai müzakirəyə çıxarmaqla çözüm yollarını aydınlaşdırmaq, bütün üslublar üzrə ədəbi dilimizin lüğət tərkibini, var olan və dilə yeni gələn/gətirilməsi istənən sözləri, onların yazılışını izləmək, ədəbi dilimizi korlayan sözləri, onların yazılışlarını vaxtında ictimai diqqətə yetirmək vb.
  2. Yaradılacaq Orfoqrafiya şöbəsinin veb-saytı açılsın. Bu veb-sayt şöbə ilə toplum arasında günlük əlaqə xəttinə çevrilməli, müəllimlərimiz, jurnalistlərimiz vb. aydınlarımız başda olmaqla hər kəsin düzgün yazı qaydaları və ya yeni sözlərlə bağlı təkliflərini qeydə alacaq, onların günlük iş həyatında tuş gəldikləri orfoqrafik sorunları çözməyə yardım edəcək ciddi bir bilgi qaynağı olmalıdır.
  3. Orfoqrafiya qaydaları ayrıca əsər kimi vaxtaşırı çap edilsin. Təbii ki, bu əsər “Orfoqrafiya lüğəti”nə artırılan 60 – 70 maddəlik qaydalar kitabçasından yox, bütün üslublar üzrə ədəbi dilimizin düzgün yazı qaydalarını normaya salacaq, milli və alınma sözlərin yazılışında, qısaltma və ixtisarların, durğu işarələrinin, kimyəvi, riyazi, texniki… işarələrin işlədilməsində ciddi rol oynayacaq və dilimizdə yazı yazan hər kəs üçün masaüstü əsərə çevriləcək bir kitabdan ibarət olmalıdır.

 

Orfoqrafiya qaydalarındakı yeniliklərə aid təkliflərimiz

Yeni orfoqrafiya qaydalarında irəli sürülənlərin çoxunu doğru sayır və qəbul edirik. Aşağıdakı məsələlərdə isə fikrimiz fərqlidir:

 

Söz köklərində samitlərin yazılışı

  1. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s.

Bizcə, “Mənbə dildəki yazılışı əsas götürmə” nə qədər maraqlı bir qayda olsa və başqa bir durumda özünü doğrulda bilsə də, mövcud məqam üçün orfoqrafiyamızın fonetik və tarixi-ənənəvi prinsiplərini pozduğundan yerinə düşmür və göstərilən sözlərin öncəki əsgər, əsginas, İsgəndər, işgəncə… yazılışı saxlanmalıdır.

 

Birinci hərfi böyük yazılan sözlər

  1. Yaradanın və səmavi kitabların adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s.
  2. Planet adları, mifonimlər böyük hərflə yazılır: Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s.

Bizcə, burada planet adları ilə mifonimlərin – mifik varlıq adlarının bir sıraya qoyulması bölgünün məntiq əsasına tərs düşdüyünə görə, mifonimlər 56-cı yox, 55-ci maddəyə daxil edilməli və həmin maddələr aşağıdakı kimi yazılmalıdır:

  1. Yaradanın, səmavi kitabların və mifonimlərin – mifik varlıqların özəl adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur; Afrodita, Herakl, Zevs və s.
  2. Səma cisimlərinin adları böyük hərflə yazılır: Ay, Günəş, Ülkər, Dan ulduzu, Ağ yol/Saman yolu və s.

Orfoqrafiya qaydalarına təklif etdiyimiz artırmalar

Bir daha xatırladaq ki, Rus dilinin vasitəçilik rolu bitmiş və müstəqil bir dövlətin – Azərbaycan Respublikasının Dövlət dili olan dilimiz dünya dilləri ilə bilbaşa təmas xəttinə çıxmışdır. Rus dilinin hakim və tək qaynaq olduğu sadə situasiya yerinə indi çoxdilli mürəkkəb bir situasiya ilə üz-üzəyik. Söz adlığımız/alacayımız və özəl adlarını yazmalı olduğumuz/olacağımız müxtəlif dünya dilləri ilə bağlı bilgi əldə etməmiz onların yazıları – əlifbaları, heroqlifləri ilə tanışlıqdan başlanır. Eyni zamanda, onların da bu gün ən azı bizim özəl adlarımızı doğru yaza bilmələrinə yönəlik fəaliyyətlərimiz olmalıdır. Bir də unutmayaq ki, dilimiz təkcə Azərbaycan Respublikasının yox, əlli milyonluq Azərbaycan xalqının milli dilidir və yaxın keçmişdə olduğu kimi, yaxın gələcəkdə də ən azı Qafqaz və Ön Asiyanın ümumünsiyyət dilinə çevrilmə imkanına malikdir. Bütün bunlar isə dilimizlə bağlı ən ali qurum olan Nəsimi adına Dilçilik İnstitutu qarşısında o günə indidən hazırlaşma, ədəbi dilimizin ən yüksək səviyyədə normaya salınıb standartlaşdırılması sürəcinə gerçəkdən birbaşa rəhbərlik etmə vəzifəsi qoyur.

Deyilənləri gözə alıb təklif edirik ki, orfoqrafiya qaydalarımızda aşağıdakılardan da yararlanılsın:

Birinci hərfi böyük yazılan sözlər

  1. 011. Dil, qəbilə, tayfa, xalq, millət kimi varlığı tək olan adların birinci hərfi böyük yazılır: Azərbaycanca, Türkcə, Ərəbcə, İngiliscə, Almanca; Türk, Alman, Özbək, Tatar, Bayat, Qaşqay

(011 Yeni orfoqrafiya qaydalarındakı maddələri göstərən rəqəmlərlə qarışıq düşməməsi üçün biz rəqəmləri 0-la başladıq – A.R.)

 

Alınma söz və yabançı adların yazılışı

Düşünürük ki, alınma söz və yabançı adların yazılışı ilə bağlı qaydaları bu söz və adların aid olduğu yazı sistemləri üzrə gözdən keçirmək daha doğru olar:

 

  1.    a) Ərəb əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılışı
  2. Ərəb əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adlar deyildiyi kimi yazılır: darvaza, şəhər, adam, şeytan, heyvan, saat, Kövsər, Akif, Vasif, Arzu, Dilşad, Kirman, Qahirə vb.
  3. Ərəb əlifbalı qaynaq dillərə aid bir sıra alınma söz və özəl adlar tarixən yazıldığı kimi yazılır: hətta, şair, neştər, Rza, Əfrasiyab vb. (deyilişdə: hətda, şayir, neşdər, İrza, Əfrasyab vb.)
  4. Ərəb əlifbalı qaynaq dillərə aid söz və özəl adlar yazılarkən onların tərkibindəki özümlü hərflərin səs dəyəri dilimizin uyğun hərflərilə verilir: صمد Səməd, ثانیه – saniyə, سئل – sel vb.

Qeyd: ( ) ha he, ( ) sad, se sin, ( ) ta te, ( ) za, zad, zal ze hərfləri Ərəb dilində fərqli məxrəcə malik ayrı-ayrı səsləri bildirsələr də, Azərbaycan dilində h, s, tz səslərinə uyğun gəlir və yalnız bu səsləri bildirən hərflərlə yazılır.

 

  1. b) Kiril əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılışı
  2. Kiril əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adlar deyildiyi kimi yazılır: sovet, kolxoz, vaqon, maşın, Rusiya, Minsk, Volqa, Nataşa, İvan vb.
  3. Kiril əlifbalı Slavyan dillərinin (Rus, Ukrayna, Belorus, Bolqar, Serb vb.) özümlü ц (tse) səsi dilimizdə yerinə görə həm s səsini, həm də ts səsini verir.

Tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.

Vitse sözü istisnadır.

Özəl adlarda sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Muromets

Qeyd: Mayns adı istisnadır (Tutuşdur: Mainz –  Майнц – Mayns)

  1. Kiril əlifbalı Slavyan dillərinin özümlü щ (şşa) səsi/hərfi çağdaş Bolqarcada şt kimi, Ruscada uzun yumşaq şş kimi, bəzən də şç kimi deyilir. Ruscadan alınma sözlərdə və Rus adlarında işlənən bu səs/hərf sözönü və sözsonu durumlarda bir ş səsi ilə, sözortası durumlarda isə iki şş səsi ilə yazılır: щайба – şayba; М.Е.С.-Щедрин – M.E.S.-Şedrin; борщ – borş; марщ – marş; В.В. Верещагин – V.V.Vereşşagin; Д.В.Гущина – D.V.Quşşina vb.

Ancaq sözortası durumlarda da щ səsi bir ş ilə verilə bilir: марщал – marşal; марщрут – marşrut; С.Марщак – S.Marşak vb.

  1. Kiril əlifbalı Slavyan dillərinin e səsi sözönü və söziçi durumlarda ye kimi deyilir və tərkibində e hərfi olan sözlər, adlar dilimizdə ye ilə yazılır: епископ – yepiskop; карабинер – karabinyer; С. Есенин – S. Yesenin, Б. Елцин – B. Yeltsin,  Д.И.Менделеев – D.İ.Mendeleyev vb.
  2. Kiril əlifbalı bəzi Slavyan dillərinin (Rus, Belorus…) ё (yo) səsi və bu səsi bildirən iki nöqtəli e – ё hərfi dilimizdə yerinə görə yo, e, bəzən də o kimi yazılır: ёлка – yolka; стажёр//стажер – stajor; Потёмкинъ// Потемкинъ – Potyomkin; Пётр//Петр – Pyotr; Петербург – Peterburq; Фёдор – Fyodr; Королёв//Королев – Korolyov; Н.С. Хрущёв//Н.С. Хрущев – N.S.Xruşşov; Горбачёв// Горбачев –  Qorbaçov vb.

Qeyd: Kiril kökənli Slavyan əlifbalarında ё bəlkə də ən çox dartışmalı səs və hərfdir. Slavyan əlifbalarının heç də hamısında ayrıca göstərilməyən bu hərf Slavyan dillərinin özündə belə bir sıra durumlarda gah e, gah da yo səsini bildirir.

 

  1. c) Latın əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adların yazılışı
  2. Latın əlifbalı qaynaq dillərə aid alınma söz və özəl adlar deyildiyi kimi yazılır: abiturient – abituriyent; Byron – Bayron; Beethoven – Bethoven; Molière – Molyer; Montesquieu –Monteskyö; Richelieu – Rişelye ; Shakespeare – Şekspir vb.

Qeyd: Gərəkərsə, dilimizdə ilk yazılışdan sonra mötərizə içərisində söz və adların orijinal biçimi də göstərilə bilər: Monteskyö (Montesquieu); Şekspir (Shakespeare)  vb.

  1. Latın əlifbalı qaynaq dillərdəki x (eks) hərfi k s səslərinin bir araya gəlməsi ilə düzəlib dilimizdə ks kimi deyilir və ks kimi də yazılır: taksi, boks, faks, Marks vb.

Qeyd: Texas (=Teksas) adının dilimizdə Texas yazılışı adlım yanlışlıqlardan biridir. Həm Kiril, həm də Latın kökənli Azərbaycan əlifbalarında x səsini (cingiltili ğ səsinin kar qarşılığı) bildirən və transkripsiyada kh kimi göstərilən x hərfi işləndiyi üçün bu yanlışlıq ortaya çıxmış (Rus dilinin etgisini də unutmayaq) və Azərbaycan x (kh) hərfi İngilis  x (eks) hərfilə eyniləşdirilmişdir. Bu gün taksi əvəzinə taxi, maksi əvəzinə maxi… yazılması isə yanlış olub yazı qaydalarımızı pozmaqdır.

  1. Almancanın z (tset) səsi Kiril əlifbalı Slavyan dillərindəki özümlü ц (tse) səsi ilə uyğun olub söz önündə s kimi, söz sonunda ts kimi yazılır: zitat – sitat; zisterna – sisterna; zivil – sivil; zyklon – siklon vb.; Zürich – Sürix; G.W. Leibniz – Q. V. Leybnits; W.A.Mozart – V.A.Motsart vb.

Qeyd: bəzi özəl adlarda sözortası və sözsonu durumlar üçün z (tset)ц (tse) səslərinin qarşılığı olaraq təkcə ts yox, həm də s səsi işlənə bilir: Leipzig – Лейрциг –  Leypsiq; Mainz –  Майнц – Mayns vb.

  1. Latın əlifbalı qaynaq dillərə aid özümlü hərf birləşmələrilə işlənən alınma söz və yabançı özəl adlar dilimizdə bu özümlü hərf birləşmələrinin uyğun səs dəyərini bildirən milli hərflərlə yazılır:
  2. a) Çeşidli Batı dillərinə aid ch hərf birləşməsi yerinə görə üç cür deyilir/yazılır:

ç hərfi ilə: charter – çarter; Chile – Çili; check – çek vb.

         ş hərfi ilə: chans – şans; chef – şef; chock – şok vb.

         x hərfi ilə: Christ – Xrist; charakter – xarakter, Friedrich – Fridrix vb.

Qeyd: Təbii ki, burada sözün/adın hansı dilə məxsusluğu və o dildə hərf birləşmələrinin özəllikləri (necə səslənməsi də daxil) aparıcı rol oynayır.

  1. b) sh hərf birləşməsi dilimizdə ş hərfi ilə verilir: sherif – şerif; show – şou; Shakespeare – V. Şekspir vb.
  2. c) sch hərf birləşməsi dilimizdə ş hərfi ilə verilir: schablon – şablon; schimpans – şimpanze; Nietzsche – F. Nitsşvb.

ç) ph hərf birləşməsi dilimizdə f hərfi ilə verilir: phonem – fonem; Phoenix – Feniks; paragraph – paraqraf; philolıgie – filologiya vb.

  1. d) ck hərf birləşməsi dilimizdə k hərfi ilə verilir: Stockholm – Stokholm; Jeckson – M.Cekson vb.

 

ç) Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adlarının yazılışı

  1. Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adları dilimizdə tarixən yazıldığı kimi yazılır Çin, Pekin, Turfan, Konfutsi, Yaponiya, Tokio, Koreya vb.
  2. Heroqlif yazı gələnəkli Doğu Asiya özəl adları deyildiyi kimi yazılır və adlardan sonra gərəkərsə, mötərizə içərisində Pinyin əlifbası ilə qarşılığı da verilir: Naqasaki, Osaka, Şanxay, Yarkənd (Pinyin. Shāchē), Qarğılıq (Pinyin. Yèchéng) vb.
  3. Heroqlif yazı gələnəkli Doğu Asiya şəxs adlarında öncə soyad, sonra şəxs adı gəlir və birdən çox hecası olan bütün özəl adlar bitişik yazılır: Mao Tzedun, Den Syaopin, Sun Yatsen, Çan Kayşi, Hon Myunbo, Kim Namil, Yu Sançul vb.

Qeyd: 1979-cu ildə Çin dövlətinin xahişi ilə YUNESKO-nun Uluslararası Standartlaşdırma Qurumu (İSO) tövsiyə verdi ki, bütün ikihecalı Çin şəxs adları bitişik yazılsın.

Hazırda ikihecalı Koreya şəxs adlarının da bitişik yazılması meyli getdikcə yayğınlaşmaqdadır.

  1. Çindəki özəl adların Çincə və Uyğurca variantları bir-birindən fərqlənirsə, dilimizdə oturuşmuş ənənəvi variantları çıxmaqla, Uyğurca variantın Azərbaycan deyilişi əsas götürülür və gərəkərsə, Çincə variantın Pinyin əlifbası ilə yazılışı mötərizə içərisində verilir:  ئۈرۈمچى ىشەھر – Ürümçi Shehri  (Pinyin. Wūlǔmùqí Shì) – Ürümçü (Rus.Урумчу) şəhəri;  ۋىلايىتى  تارباغاتاي – Tarbağatay Vilayiti  (Pinyin. Tǎchéng Dìqū) – Tarbağatay vilayəti;  ۋىلايىتى  قەشقەر  – Qeshqer Vilayiti  (Pinyin. Kāshí Dìqū) – Qaşqar vilayəti; ئارال شەھر  – Aral Shehri (Pinyin. Ālā’ěr Shì) – Aral şəhəri; ۋىلايىتى  قۇمۇل – Qumul Vilayiti (Pinyin. Hami diqu) – Qumul vilayəti vb.

Qeyd: Çindəki özəl adların Uyğurca yazılışı və deyilişi dilimiz üçün çox önəmli bir qaynaqdır və bu qaynaq imlamızın bir sıra yanlışlıqlarını düzəldə bilər. Örn.: Pinyin əlifbası ilə Çincə Ākèsù yazılan ad bizə heç nə demir, ancaq adın Uyğurca  ئاقسۇ – Aqsu yazılışı göstərir ki, Şincanda bir vilayət adı olan Aqsu dilimizin Ağsu adı ilə eynidir vb.

 

Sonuc

Təbii ki, biz göstərilə biləcək orfoqrafiya qaydalarının heç də hamısına toxunmağı düşünmür və buna ehtiyac da duymuruq. Bu göstərilən qaydaların da böyük çoxunluğu indiyədək var olan orfoqrafiya qaydalarımızda mövcuddur. Biz, sadəcə, qaydaların verilməsinə bir az fərqli yöndən yanaşdıq və istədik ki, orfoqrafiya qaydalarımız Sovet dövrünün alışılmış strukturundan qurtulsun, ədəbi dilimiz, o sıradan, orfoqrafiyamız dövlət müstəqilliyimizin ortaya qoyduğu çoxdilli mürəkkəb situasiya şəraitində öz milli dil siyasətinə və onun strateji hədəflərinə ayrıca diqqət yetirə bilsin.

 

 Arif Rəhimoğlu

Filologiya üzrə fəlsəfə doktoru      

 

 

Həmçinin oxu

Diplomu rektordan oynayaraq alan məzun DANIŞDI

Bakı Ali Neft Məktəbinin tələbəsi Şaiq Məmişovun “Məzun günü”ndə rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir